Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonundakı 98 nömrəli uşaq bağçasına gedən uşağın qanında psixotrop maddənin aşkarlanması ehtimalı ilə bağlı yayılan məlumatlara görə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət edib.
Bu barədə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məsələ nəzarətə götürülüb, uşağın valideynləri Dövlət Komitəsinə dəvət olunaraq baş verənlərlə bağlı ətraflı məlumat veriblər.
Hadisənin bütün hallarının obyektiv və hərtərəfli araşdırılması, həmçinin uşağın hüquq və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə DİN və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.
Dövlət Komitəsindən qeyd olunub ki, aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Araşdırmanın nəticələrinə əsasən qərarlar qanunvericiliyin tələblərinə uyğun və müəyyən edilmiş qaydada qəbul ediləcək.

