"Sea Breeze" su parkında faciəli hadisə nəticəsində uşaq həyatını itirib. Bu barədə kurortun təsisçisi Emin Ağalarov məlumat verib.
O, həlak olan uşağın ailəsinə başsağlığı verib və hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi üçün istintaq aparıldığını bildirib.
Ağalarovun sözlərinə görə, araşdırma çərçivəsində, xüsusilə uşağın hovuzun su nasoslarının işlədiyi və qoruyucu hasarların arxasında yerləşən texniki zonaya necə düşdüyü araşdırılır.
“Biz öz tərəfimizdən istintaqa hərtərəfli kömək göstəririk”, – deyə Ağalarov qeyd edib.
O vurğulayıb ki, kurortun bütün əraziləri və obyektləri FHN və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır.
Baş verən faciədən sonra "Sea Breeze"-də təhlükəsizlik tədbirlərinin yenidən hərtərəfli yoxlanılacağı və gücləndiriləcəyi bildirilib.
Emin Ağalarov həmçinin "Sea Breeze" komandasının həlak olan uşağın ailəsinə lazımi dəstək və yardımı göstərəcəyini açıqlayıb.

