Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə bağlı son vəziyyət hesabatını ictimaiyyətə təqdim edib.
Hesabatda virusun coğrafi yayılmasının sürətləndiyi və epidemiyanın ölkənin 6 əyalətində ümumilikdə 60 səhiyyə zonasını əhatə etdiyi bildirilib. Rəsmilər xüsusilə son üç ay ərzində həm yoluxma hallarının sayında, həm də epidemiyanın yayıldığı ərazilərin miqyasında nəzərəçarpacaq artım olduğunu qeyd ediblər.
ÜST-nin hesabatına görə, 26 avqust tarixinə 2 786 ölüm faktı daxil olmaqla, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 5 794-ə çatıb.
Yoluxma hallarındakı narahatedici artımla əlaqədar avqustun 18-də toplanan ÜST-nin Fövqəladə Hallar Komitəsinin tövsiyələrinə əsasən, epidemiyanın “Beynəlxalq əhəmiyyətli ictimai səhiyyə üzrə fövqəladə vəziyyət” kimi qiymətləndirilməsinin davam etdiriləcəyi vurğulanıb.

