Konqo Demokratik Respublikasında Ebola qızdırmasına yoluxma hallarının sayı 676-ya çatıb, xəstəlik nəticəsində 136 nəfər ölüb. Bu barədə Reuters ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumatlar 10 iyun, çərşənbə günü üçün açıqlanıb.
Mayın 15-də başlayan epidemiyanın episentri ölkənin şərqində yerləşən İturi əyalətidir. Yoluxma halları həmçinin Şimali Kivu və Cənubi Kivu əyalətlərində də qeydə alınıb. Bu ərazilərin böyük hissəsi üsyançı qrupların nəzarətindədir.
Epidemiya fonunda Konqo Demokratik Respublikasında tibb işçiləri ölkə üzrə müddətsiz tətil elan ediblər. Həkimlər maaşların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Hökumət hələlik bu tələblərə cavab verməyib.
Vəziyyəti ölkənin üç aparıcı laboratoriyasında reaktivlərin kəskin çatışmazlığı daha da çətinləşdirir. Bu isə infeksiyanın yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirləri risk altına qoyur.
Son məlumatlara görə, tibb işçiləri yoluxmuş şəxslərlə təmasda olanların yalnız 61 faizini izləyə bilirlər. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı bu göstəricinin 95 faiz səviyyəsində olmasını tələb edir.

