ABŞ və İran yaxın saatlarda Pakistanın vasitəçiliyi ilə əldə olunan münaqişənin nizamlanması üzrə sazişin imzalandığını elan edə bilər.
Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, sənəd quruda, dənizdə və havada tam atəşkəsin təmin olunmasını nəzərdə tutur. Razılaşmaya əsasən, tərəflər infrastruktur obyektlərinə hücumlardan, eləcə də hərbi və informasiya əməliyyatlarından imtina etməlidirlər.
Sazişdə həmçinin tərəflərin bir-birinin suverenliyinə hörmət etməsi və daxili işlərə qarışmaması öhdəliyi yer alır.
Ayrıca bənd Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə həsr olunub.
Məlumata görə, razılaşmanın şərtləri yerinə yetiriləcəyi təqdirdə ABŞ İrana qarşı sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazırdır.
Saziş hər iki tərəfin rəsmi təsdiqindən sonra qüvvəyə minəcək.

