ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlmiş “Project Freedom” hərbi missiyasının müvəqqəti dayandırıldığını açıqlayıb. Qərarın Pakistan və digər ölkələrin müraciəti əsasında qəbul edildiyi bildirilib.
Pakistan və digər ölkələrin xahişlərini, həmçinin İran nümayəndələri ilə yekun razılaşma istiqamətində ciddi irəliləyiş əldə olunmasını nəzərə alaraq qarşılıqlı razılığa gəldik ki, blokada qüvvədə qalsa da, “Project Freedom” missiyası hələlik dayandırılsın, deyə Tramp yazıb.
O əlavə edib ki, bu fasilə qısa müddətli ola bilər. ABŞ belə şəraitdə İranla münaqişənin başa çatdırılması və hər iki tərəf üçün sərfəli razılaşmanın əldə olunub-olunmayacağını müşahidə etmək niyyətindədir.
Bununla yanaşı, Donald Tramp İran limanlarına tətbiq olunan blokadanın ləğv edilmədiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, “Project Freedom” missiyası mayın 4-də İran hərbçilərinin Hörmüz boğazını blokadaya almasına cavab olaraq elan edilmişdi. Dünyadakı neft tədarükünün təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın 30 faizdən çoxu məhz bu boğazdan keçir.

