Parlament seçkiləri ərəfəsində Moskva erməni elektoratını Aİİ-yə üzvlük və Avropa İttifaqı ilə yaxınlaşma arasında geosiyasi seçim qarşısında qoyub. Bu barədə “Kommersant” yazır. Nəşr qeyd edib ki, Rusiya Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi respublika rəhbərliyinin “dost olmayan addımları”nın ətraflı müzakirə olunduğu Rusiya Təhlükəsizlik Şurasının iclasından dərhal sonra İrəvanla ticarət-iqtisadi əlaqələri ardıcıl şəkildə məhdudlaşdırmağa başlayıb.
Moskvada İrəvana xəbərdarlıq ediblər ki, eyni vaxtda həm Aİİ-nin iqtisadi imtiyazlarından istifadə etmək, həm də Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş strateji kurs qurmaq mümkün deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıq şəkildə bildirib ki, Aİ istiqamətinə dönüş qazın Avropa qiymətlərinə keçidlə nəticələnəcək. Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Paşinyanı tənqid edərək qeyd edib ki, Ermənistanın baş naziri artıq Rusiyanın inkişafına qarşı çıxan bir sıra ölkələrlə təhlükəli dərəcədə yaxınlaşıb.
Lakin ekspertlər İrəvana qarşı bu cür addımların effektivliyini ehtiyatla qiymətləndirməyə çağırırlar. Politoloq, MDBMİ-nin Avroatlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedonov qəzetə müsahibəsində bildirib ki, Moskvanın tədbirləri Ermənistan baş nazirinin mövqeyini gücləndirə bilər.

