ABŞ Avropa İttifaqının geosiyasi kursunu müəyyən edə və ya onun Kanada ilə münasibətlərinin inkişafına mane ola bilməz.
Bunu Fransanın Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamen Haddad bildirib.
“Reuters”in məlumatına görə, fransalı nazir vurğulayıb ki, Avropanın siyasi və geosiyasi istiqamətini ABŞ və ya başqa bir ölkə müəyyən edə bilməz.
“ABŞ və ya hər hansı başqa tərəf avropalıların siyasi və geosiyasi istiqamətini seçə bilməz. Kanada ilə münasibətlərimiz var və biz onları daha da dərinləşdirməkdə tamamilə haqlıyıq”, – Haddad bildirib.
Açıqlama ABŞ Prezidenti Donald Trampın Kanadanın Avropa İttifaqının assosiativ üzvü olması ehtimalına sərt reaksiya verməsindən sonra səslənib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kanadanın Aİ-nin ilk assosiativ üzvü olması üçün qapının açılmasını təklif edib. Bu statusun konkret hüquqi məzmunu isə hələ müəyyənləşdirilməyib.
Tramp bildirib ki, belə bir addımı ABŞ-yə qarşı “düşmən akt” hesab edərsə, Avropa ölkələrinə yüksək gömrük rüsumları tətbiq edə və müəyyən sahələrdə ticarəti dayandıra bilər.

