Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gələn həftə Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə Politico Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, səfər zamanı ticarət əlaqələri müzakirə olunacaq, həmçinin Avropa İttifaqının regionla bağlı yeni təşəbbüsləri açıqlanacaq.
Politico yazır ki, Cənubi Qafqaz Brüssel tərəfindən Avropa ilə Asiya arasında strateji əhəmiyyətli nəqliyyat dəhlizi kimi nəzərdən keçirilir. Məqalədə qeyd olunur ki, Yaxın Şərqdəki münaqişə fonunda bu dəhlizin əhəmiyyəti daha da artıb.
Ursula fon der Lyayeni səfərdə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos müşayiət edəcək.
Nəşr bildirir ki, səfər çərçivəsində Avropa Komissiyası sədrinin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşləri planlaşdırılır.
AnewZ telekanalının məlumatına görə, Ursula fon der Lyayen iyulun 1-də Bakıya gələcək.

