ABŞ Müdafiə Nazirliyi NATO-nun gələcəyinin müzakirə olunacağı görüşə bir sıra Avropa müttəfiqlərini, o cümlədən Böyük Britaniya, Fransa və Baltikyanı ölkələri dəvət etməyib.
Politico nəşrinin məlumatına görə, Pentaqonun təşəbbüsü ilə noyabr ayında Polşada keçirilməsi planlaşdırılan görüşdə NATO-nun gələcəyi müzakirə olunacaq. Görüşün təşkilinə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbridge Colby rəhbərlik edir.
Nəşrə danışan diplomatlar bildiriblər ki, görüşə dəvətlər bütün müttəfiq ölkələrə göndərilməyib. Dəvət almayan dövlətlərdən birinin nümayəndəsi ABŞ-ın tələblərini yerinə yetirdiklərini, lakin belə görüşlərin hansı meyarlar əsasında təşkil olunduğunun və məqsədinin onlara aydın olmadığını söyləyib.
Diplomatların fikrincə, Pentaqonun müttəfiqlərə qarşı seçici yanaşması NATO daxilində münasibətlərin dəyişməsinə səbəb ola bilər. Onlar Vaşinqtonun bu addımının Avropadakı tərəfdaşlar arasında məyusluq yaratdığını bildiriblər.
Bununla yanaşı, qeyd olunub ki, dəvət almayan ölkələrin bir çoxu artıq ABŞ Prezidenti Donald Tramp administrasiyasının müəyyən etdiyi müdafiə xərcləri hədəflərinə çatıb.
Nəşrin həmsöhbətlərindən biri xəbərdarlıq edib ki, NATO müttəfiqlərinin «yaxşı» və «pis» ölkələrə bölünməsi ABŞ-ın özü üçün də risklər yarada bilər.
Diplomatın sözlərinə görə, Avropa üçün NATO-da iştirak həyati əhəmiyyət daşıyan təhlükəsizlik məsələsidir.

