ABŞ prezidenti Donald Tramp və Vaşinqtonun NATO-ya yeni yanaşması alyans üçün “xilas yolu” hesab olunur.
Bu fikri The New York Timesın podkastında ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi səsləndirib.
“Deyərdim ki, prezident Tramp və hazırda tətbiq etdiyimiz yanaşma NATO-nun xilasıdır. Çünki NATO məhz bu yolla qorunmalı və daha dayanıqlı olmalı idi,” — deyə Kolbi bildirib.
Onun sözlərinə görə, əvvəllər ABŞ-ın müttəfiqləri Vaşinqtonun yardımını “öz-özünə verilmiş bir şey” kimi qəbul edirdilər. Lakin indi NATO üzvləri müdafiə məsələlərində daha çox məsuliyyət daşımalı və hər şeyi daha diqqətlə hesablamalı olacaqlar.
Pentaqon rəsmisi vurğulayıb ki, NATO yenidən “soyuq müharibə dövrünün ideyasına” və hərbi hazırlığın əsas prinsiplərinə qayıdır.
Kolbi həmçinin bildirib ki, “NATO 3.0” adlandırılan yeni konsepsiya alyans rəhbərliyi və liderləri tərəfindən dəstəklənib. Bu yanaşmaya əsasən, Avropa ölkələri öz müdafiələri üçün əsas məsuliyyəti öz üzərlərinə götürməlidirlər.
Onun sözlərinə görə, ABŞ soyuq müharibədən sonra formalaşan dünya nizamından, xüsusilə də nəzarətsiz azad ticarət modelindən uzaqlaşır. Kolbi bu modeli balanslaşdırılması mümkün olmayan və Amerikanın sənayesizləşməsinə aparan sistem kimi qiymətləndirib.
Pentaqon rəsmisi əlavə edib ki, Tramp dövründə ABŞ Monro doktrinasını da bərpa edir. Bu doktrina Vaşinqtonun Avropa dövlətlərinin daxili işlərinə qarışmamasını nəzərdə tuturdu.
Xatırladaq ki, iyul ayında Donald Tramp NATO-nun addımlarından “çox məyus olduğunu” bildirmişdi. O, alyans ölkələrinin ABŞ-a qarşı ədalətsiz davrandığını, Vaşinqtonun onların müdafiəsinə böyük vəsait xərclədiyini, lakin bunun qarşılığında heç nə almadığını demişdi.
Tramp həmçinin ABŞ-ın Avropadakı yanaşmaları nəzərə alaraq bütün qoşunlarını qitədən çıxara biləcəyini qeyd etmişdi. Bununla yanaşı, Reuters yazmışdı ki, Tramp NATO müttəfiqlərini ABŞ-ın alyansdan çıxmaq niyyətində olmadığına əmin edib.

