NATO-nun Avropa üzvü olan ölkələri müdafiə xərclərinin artırılması ilə bağlı ciddi maliyyə təzyiqi ilə üzləşib.
Reutersin məlumatına görə, Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr artan müdafiə xərclərinin yaratdığı büdcə yükünü qarşılamaqda çətinlik çəkir. Ekspertlər hesab edirlər ki, bu məsələ yaxın illərdə Avropa hökumətləri üçün əsas maliyyə problemlərindən birinə çevrilə bilər.
Böyük Britaniyada Fiskal Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Maks Uorner müdafiə xərclərinin orta müddətli dövrdə ölkə büdcəsi üçün ən böyük çağırışlardan biri olacağını bildirib.
Reuters yazır ki, Şimali Avropa ölkələri, Şərqi Avropa dövlətləri və Almaniya müdafiə xərclərini artırmaq üçün daha geniş büdcə imkanlarına malikdir. Polşa 2025-ci ildə müdafiəyə ÜDM-in 4,3 faizini xərcləyib, Estoniya və Litva isə yeni hədəflərə yaxınlaşır.
Fransa müdafiə xərclərini ÜDM-in 2 faizindən 2,5 faizinə çatdırmağı planlaşdırır. Lakin bu addımın qarşıdakı prezident seçkiləri və büdcə məhdudiyyətləri fonunda siyasi çətinliklər yaradacağı bildirilir.
NATO daxilində müdafiə xərclərinin artırılması məsələsi alyansın qarşıdakı sammiti ərəfəsində əsas müzakirə mövzularından biri hesab olunur.

