Türkiyə televiziya tarixinin məşhur seriallarından olan “Çocuklar Duymasın”da canlandırdığı “Fıs Fıs İsmail” obrazı ilə tanınan Süleyman Yağcı qatıldığı televiziya proqramında diqqətçəkən açıqlamalar verib.
TGRT Haber-də yayımlanan “Yasemin’in Penceresi” proqramına rol yoldaşı Volkan Severcanla birlikdə qonaq olan Yağcı serialın aktyor heyəti ilə bağlı mübahisə yaradacaq fikirlər səsləndirib.
O, serialda rol alan bəzi məşhur adların peşəkar aktyorluq təhsili almadığını iddia edib. Yağcı bildirib ki, Pınar Altuğ, Şükrü Koruyucu və “Çaycı Hüseyin” obrazı ilə tanınan Alparslan Özmol peşəkar aktyor deyil.
“Pınar Altuğ, məsələn, aktyor deyil. Şükrü aktyor deyil. Çaycı Hüseyin aktyor deyil. Mən də konservatoriya məzunu deyiləm. Gerçəklər gizlədilməsin”, — deyə o qeyd edib.
Süleyman Yağcı Pınar Altuğun serialdakı uğurunda Tamer Karadağlının böyük rol oynadığını da iddia edib. Onun sözlərinə görə, Karadağlı çəkiliş aralarında Altuğa aktyorluqla bağlı məsləhətlər verib.

“Pınarı səhnədə yetişdirən Tamer Karadağlı idi. Aralarda ona dərs verirdi”, — deyə Yağcı bildirib.
Bununla yanaşı, aktyor “Çocuklar Duymasın” serialının onların həyatında mühüm yer tutduğunu vurğulayıb.
“Çocuklar Duymasın hamımızın çörək qapısı oldu”, — deyə Süleyman Yağcı əlavə edib.
Yağcının Pınar Altuğ və serialın aktyor heyəti ilə bağlı bu açıqlamalarına qarşı tərəfdən hansı cavabın gələcəyi maraqla gözlənilir.

