Maqazin dünyasının tanınmış cütlüyü Pınar Altuğ və həyat yoldaşı Yağmur Atacan bir YouTube proqramında münasibətləri və evlilik qərarları ilə bağlı səmimi açıqlamalar veriblər.
1994-cü ildə Miss Turkey müsabiqəsinin qalibi olan və “Çocuklar Duymasın” serialındakı “Meltem” obrazı ilə məşhurlaşan Altuğ 2008-ci ildə özündən doqquz yaş kiçik həmkarı Yağmur Atacanla ailə qurub. 2009-cu ildə isə cütlüyün Su adlı qız övladı dünyaya gəlib.

“Serda ilə Masadakı Sırlar” proqramına qonaq olan aktyorlar niyə evləndiklərini açıq şəkildə izah ediblər. Pınar Altuğ bildirib ki, evlənmək qərarını əsasən uşaq sahibi olmaq istəyi verib və bu təşəbbüs Yağmur Atacandan gəlib.

“Yağmur dedi ki, artıq sənin vaxtın çatıb, evlənək ki, uşağımız olsun, doğmağın lazımdır. Məntiqli idi. Evlənəndə mənim 35, Yağmurun isə 26 yaşı var idi”, — deyə Altuğ qeyd edib.

