ABŞ-ın Las-Veqas şəhərində məşhur repçi Tupak Şakurun ölümünə dair məhkəmə prosesi başlayıb. Bu barədə “The New York Times” məlumat yayıb.
Təqsirləndirilənlər kürsüsündə vaxtilə “Crips” qruplaşmasının rəhbərlərindən biri olmuş Duayn Devis dayanır. Prokurorluq onu təxminən 30 il əvvəl baş verən hücumun təşkilatçısı hesab edir. Devis isə cinayətə hər hansı aidiyyəti olduğunu inkar edir.
İttiham tərəfinin mövqeyi Devisin əvvəlki müsahibələrində və şəxsi xatirələrində səsləndirdiyi fikirlərə əsaslanır. Təqsirləndirilən şəxs kitabında 1996-cı ildə sənətçiyə qarşı hücum zamanı istifadə olunan silahı məhz özünün təmin etdiyini yazıb. Devisin vəkilləri isə bildirirlər ki, bu sözlər onun özünü təhlükəli cinayətkar kimi göstərmək və diqqət cəlb etmək cəhdi olub.

İttiham tərəfinin əsas sübutlarından biri 2008-ci ildə Devisin dindirilməsi zamanı qeydə alınmış səs yazısıdır. Həmin vaxt o, başqa bir araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıb. Razılaşmaya əsasən, Devis Şakurun qətli barədə dediklərinə görə immunitet əldə edib.
Müdafiə tərəfinin vəkili Maykl Sanft çıxışında bu ifadələrin gerçək olmadığını bildirib. Onun sözlərinə görə, polis uzun müddət Devisə qarşı ittiham irəli sürməyib, çünki onun dediklərinin etibarlı olmadığını anlayıb. Vəkillər iş üzrə ciddi sübutların olmadığını və ədliyyənin ədəbi əsərdəki iddiaları real fakt kimi təqdim etməyə çalışdığını iddia edirlər.
Məhkəmədə artıq iki şahid ifadə verib. Yaralı reperi xəstəxanaya aparan polis əməkdaşı bildirib ki, hücum edən şəxslərlə bağlı sual veriləndə Tupak əməkdaşlıq etməkdən imtina edib və “özümüz həll edəcəyik” deyib.
Həmin gecə küçədə olan digər şahid İnqrid Stouks isə atışmadan sonra hadisə yerini tələsik tərk etdiyini söyləyib. O, hücumun təfərrüatlarına aydınlıq gətirə bilməyib. Bununla yanaşı, şahid bildirib ki, həmin mühitdə insanlar polisə ifadə verməkdən çəkinirlər, çünki hüquq-mühafizə orqanları ilə əməkdaşlığın həyatları bahasına başa gələ biləcəyindən qorxurlar.
Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. Prosesin yekunu simvolik olaraq 1996-cı ilin sentyabrında Tupak Şakurun ölümcül güllələnməsinin 30-cu ildönümünə təsadüf edə bilər.

