ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis, eyni zamanda Kiprə səfir vəzifəsini icra edən diplomat, postunu tərk edərək diplomatik karyerasını başa vuracaq. Bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qərarın səbəbi Donald Tramp administrasiyası ilə fikir ayrılıqları, xüsusilə də Ukraynaya dəstəyin azaldılması siyasətidir.
30 ilə yaxın təcrübəsi olan Devisin Ağ Evin Ukrayna siyasətindən ciddi şəkildə məyus olduğu bildirilir. Onun iki həftə ərzində vəzifədən ayrılacağı qeyd olunur.
Əlavə olaraq, Respublikaçılar Partiyasının sponsoru, iş adamı Con Breslounun Kiprə yeni səfir təyin olunması barədə məlumatı Devisin rəhbərlikdən deyil, mediadan öyrənməsi onun üçün əlavə zərbə olub. Xüsusilə də söhbət onun paralel icra etdiyi vəzifədən gedirdi.
Qeyd edək ki, Culi Devis ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsinə 2025-ci ilin mayında, Kiprdə səfir vəzifəsinə isə 2023-cü ildə təyin olunub.

