Məşhur komediyaçı Cem Yılmazın keçirdiyi ürək problemi sonrası sosial şəbəkələrdə yazılan bəzi şərhlər ciddi reaksiyaya səbəb olub.
Cem Yılmazın qardaşı Can Yılmaz bildirib ki, son iki gündə çoxsaylı “keçmiş olsun” mesajları alsalar da, bunların arasında “Kaş öləydi”, “Niyə xilas etdiniz?” və “Təəssüf, yenə ölmədi” kimi ifadələr də yer alıb.
Can Yılmaz bu mesajlara sərt reaksiya verərək vurğulayıb ki, heç kim Cem Yılmazı sevməyə məcbur deyil.

Onun sözlərinə görə, qardaşının gördüyü işi bəyənməmək, fikirləri ilə razılaşmamaq və ya ondan xoşlanmamaq normaldır. Lakin bir insanın ölümünü arzulamaq artıq tamam başqa məsələdir.
Can Yılmaz paylaşımında belə qeyd edib:
“Gördüyü işi bəyənməyə bilərsiniz, fikirləri ilə razılaşmaya bilərsiniz, özündən heç xoşunuz gəlməyə bilər. Amma bir insanın ölümünü arzulamaq bunların davamı deyil. Bu, başqa yerə aiddir.”
O bildirib ki, “Səndən xoşum gəlmir” deməklə “Kaş öləydin” demək arasında sadəcə fikir ayrılığı yoxdur, burada insanlıq baxımından daha ciddi bir fərq mövcuddur.

Can Yılmazı ən çox düşündürən məqam isə belə mesajlar yazan insanların gündəlik həyatda özlərini pis insan hesab etməmələri olub.
Onun sözlərinə görə, həmin şəxslərin də sevdikləri, qayğı göstərdikləri və üzüldükləri insanlar var, lakin buna baxmayaraq, heç tanımadıqları birinin ölümünü arzulamaqda problem görmürlər.

