Türkiyəli aktrisa Biran Damla Yılmaz keçmiş nişanlısı Abdurrahman Aydının onunla bağlı sosial şəbəkələrdə yayılan iddialarına cavab verib. Aktrisa bu barədə jurnalist Birsen Altuntaşa danışıb.
Abdurrahman Aydın aktrisanın Almaniyada estetik əməliyyat etdirdiyini, borclarını ödəmədiyini və buna görə barəsində “qırmızı bülleten” çıxarıldığını iddia etmişdi.

Biran Damla Yılmaz isə bu iddiaları rədd edərək Almaniyaya estetik əməliyyat üçün deyil, müalicə məqsədilə getdiyini bildirib.
“Almaniyaya müalicə olmaq üçün getdim. 13 yaşımdan bəri ciddi sağlamlıq problemlərim var. Böyrəküstü vəzi çatışmazlığım olub, uzun müddət yataqdan asılı qalmışam, yeriyə bilməmişəm. Bir çox layihəni də buna görə rədd etmişəm. Sonra sağlamlığım düzəldi və əməliyyata hazır oldum. Mən estetik deyil, uşaqlıqla bağlı əməliyyat keçirdim. Bir gün ana ola bilim deyə əməliyyat oldum”, — aktrisa bildirib.
Yılmaz barəsində hər hansı axtarış və ya “qırmızı bülleten” qərarının olmadığını da vurğulayıb.

O qeyd edib ki, münasibət bitdikdən sonra keçmiş nişanlısı tərəfindən psixoloji təzyiq və hədələrlə üzləşib. Aktrisanın sözlərinə görə, Aydın ondan münasibətlərinin davam etdiyini göstərən paylaşım etməsini tələb edib, əks halda onu “rüsvay edəcəyi” ilə hədələyib.
Biran Damla Yılmaz həmçinin keçmiş nişanlısının Şanlıurfaya gələrək çəkiliş meydançasına müdaxilə edəcəyi ilə hədələdiyini deyib. Buna görə aktrisa setdə təhlükəsizlik tədbirlərinin artırıldığını və hüquqi yollara müraciət edərək uzaqlaşdırma qərarı aldırdığını bildirib.
“Şöhrətimi itirməklə, mediaya əsassız sənədlər təqdim etməklə məni hədələyir. Ədalətə güvənirəm”, — Yılmaz qeyd edib.

