Türkiyənin məşhur komediya ustası Cem Yılmaz Çanaqqalada keçirdiyi infarktdan sonra müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Məlumat Türkiyə mediasında da təsdiqlənib.
Cem Yılmaz iki gün əvvəl Ayvacık rayonunun Paşaköy kəndində yerləşən bağ evində infarkt keçirib. Ayvacık Dövlət Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra o, Çanaqqala Onsekiz Mart Universitetinin (ÇOMÜ) xəstəxanasına köçürülüb.
Burada Kardiologiya kafedrasının müəllimi, professor Ercan Akşit tərəfindən Cem Yılmaza bilək nahiyəsindən angioqrafiya aparılıb, təxminən 40 dəqiqə ərzində balon və stent müdaxiləsi həyata keçirilib.
Əməliyyatdan sonra səhhəti yaxşı olan Cem Yılmaz iki gün müşahidə altında saxlanılıb. Vəziyyəti stabil olduğundan və hər hansı şikayəti olmadığından dərmanları təyin edilərək saat 19:30 radələrində xəstəxanadan buraxılıb.
Cem Yılmazın əməliyyatını həyata keçirən professor Ercan Akşit daha əvvəl bildirmişdi ki, məşhur komediya ustası xəstəxanaya ürəyin ön divarını əhatə edən infarktla daxil olub. Həmin vaxt onun huşunun açıq olduğu və dərhal angioqrafiya laboratoriyasına aparıldığı qeyd edilmişdi.
Həkimin sözlərinə görə, infarkta səbəb olan damara balon və stent tətbiq edilərək qan dövranı bərpa olunub. Akşit Cem Yılmazın insanın keçirə biləcəyi böyük infarkt növlərindən birini keçirdiyini də bildirmişdi.

Professor qeyd edib ki, Ayvacık Dövlət Xəstəxanasında vaxtında göstərilən ilkin tibbi yardım və təcili yardım briqadasının sürətli müdaxiləsi mühüm rol oynayıb. Onun sözlərinə görə, xəstəyə təxminən iki saat ərzində müdaxilə edilməsi ürək toxumasının böyük hissəsinin zədələnməsinin və ürək çatışmazlığının yaranmasının qarşısını almağa imkan verib.
Həkim həmçinin Cem Yılmazın kiçik yan damarlarından birinin vəziyyətinin sonradan ətraflı qiymətləndiriləcəyini, həmin damara müdaxiləyə ehtiyac olmaya və vəziyyətin dərmanla nəzarətdə saxlanıla biləcəyini bildirmişdi.

