Məşhur seysmoloq, professor Ahmet Ercan bu dəfə elmi açıqlamaları ilə deyil, şəxsi həyatındakı hadisə ilə gündəmə gəlib.
78 yaşlı Ercan 24 illik həyat yoldaşı Nidzara Ercan ilə boşanmaq qərarına gəlib və məhkəməyə müraciət edib.
Professor məhkəməyə təqdim etdiyi ərizədə həyat yoldaşı ilə aralarında ciddi anlaşılmazlıq olduğunu bildirib. O, ötən il keçirdiyi infarkt zamanı həyat yoldaşının onu tək qoyduğunu iddia edib.

Ahmet Ercan səhhəti ilə bağlı çətin günləri təkbaşına keçirdiyini bildirib.
Sabah qəzetindən Armağan Yılmazın məlumatına görə, boşanma ərizəsində ev məsələsi də yer alıb. Ercan qeyd edib ki, Beşiktaşda yaşadıqları evin onun adına keçirilməsi istənilib. Lakin evin yeganə pay sahibi olmadığı üçün bunun mümkün olmadığını bildirib.

Cütlüyün çəkişməli boşanma davasının yaxın həftələrdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Ahmet Ercan və diplomat Nidzara Ercan 24 il əvvəl sürətli nikahla ailə qurublar. Uzun illər evli olan cütlüyün ayrılıq qərarı Türkiyə mediasında geniş müzakirə yaradıb.

