Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə prosesi bu gün Yalovada başlayacaq. Sənətçinin həbsdə olan qızı Tuğyan Ülkem Gülter ilk dəfə hakim qarşısına çıxacaq. İlk iclasda 4 şahidin dindirilməsi nəzərdə tutulur.
İhlas Xəbər Agentliyinin (İHA) məlumatına görə, məhkəmə prosesi Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Tuğyan Ülkem Gülter anasını əvvəlcədən planlaşdıraraq qəsdən öldürməkdə ittiham olunur. Prokurorluq onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edir.
Qeyd edək ki, əsl adı Gül Tut olan müğənni 26 sentyabr 2025-ci ildə Yalovanın Çınarcık rayonundakı evinin altıncı mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisədən sonra başlanan istintaq çərçivəsində təhlükəsizlik kameralarının görüntüləri, səs yazıları, şahid ifadələri və digər sübutlar araşdırılıb.
İttiham aktında sənətçinin ölümünün bədbəxt hadisə olmadığına dair prokurorluğun mövqeyi əksini tapıb.
Məhkəmənin ilk iclasında Sultan Nur Ulu, Bircan Dülger, Kervan Eminoğlu və Çağrı Kutlu adlı dörd nəfərin ifadə verməsi planlaşdırılır. Şahidlərin ifadələri videobağlantı vasitəsilə alınacaq.
Hadisə gecəsi evdə olan Sultan Nur Ulu daha əvvəl verdiyi ifadəsində Tuğyanın anasını pəncərədən itələdiyini iddia edib. Onun özünə qarşı isə yalan ifadə vermək ittihamı irəli sürülüb.
Məhkəmə iclasının yerli vaxtla saat 13:50-də başlaması gözlənilir. Təqsirləndirilən şəxslərlə bağlı yekun qərar hələ verilməyib.

