Hollivudun məşhur aktrisası Holli Berrinin keçmiş həyat yoldaşı, aktyor Olivye Martines onu 12 yaşlı oğulları Maseoya fiziki zorakılıq tətbiq etməkdə ittiham edərək məhkəməyə müraciət edib.
Daily Mail nəşrinin məlumatına görə, Martines Los-Anceles məhkəməsində aktrisaya qarşı müvəqqəti məhdudlaşdırıcı qərarın çıxarılmasına nail olub.
Məhkəmənin qərarına əsasən, Holli Berriyə keçmiş həyat yoldaşına 90 metrdən artıq yaxınlaşmaq qadağan edilib. Aktrisanın oğlu ilə görüşləri də müvəqqəti məhdudlaşdırılıb.
Olivye Martinesin iddiasına görə, hadisə sentyabrın 26-da baş verib. Həmin gün Berri oğlunun yataq otağına daxil olaraq onunla zarafatlaşmağa başlayıb. Uşaq isə virtual reallıq eynəyi ilə oynadığı oyunu bitirmək istədiyini bildirib.
Martines iddia edib ki, bundan sonra aktrisa əsəbiləşərək oğlunu təhqir edib və virtual reallıq eynəyi ilə axmaq göründüyünü söyləyib.
Keçmiş ərinin sözlərinə görə, Holli Berri daha sonra oğlunun boğazından tutaraq ona fiziki zorakılıq tətbiq edib və «İndi kim güclüdür?» deyə soruşub.
Uşaq anasından qurtulmağa nail olub. İddiaya əsasən, münaqişəyə aktrisanın 56 yaşlı nişanlısı, musiqiçi Van Hant müdaxilə edib.
Bundan sonra Maseo əşyalarını toplayaraq atasına zəng edib və onu aparmasını istəyib. Martinesin sözlərinə görə, Berri əvvəlcə oğlunun paltarlarını vermək istəməsə də, nişanlısının müdaxiləsindən sonra razılaşıb.
Olivye Martines bildirib ki, yaşananlardan sonra oğlu anasının evində qalmaq istəmir.
Aktyor həmçinin keçmiş həyat yoldaşının ona qarşı irqçi ifadələr işlətdiyini iddia edib.
Holli Berri isə vəkili Marina Bek vasitəsilə bütün ittihamları rədd edib. Vəkil Martinesin məhkəməyə təqdim etdiyi iddiaları əsassız və aldadıcı adlandırıb.
Məhkəmə ilkin qərarla uşağın müvəqqəti olaraq atasının himayəsində qalmasını müəyyən edib. Aktrisa oğlu ilə yalnız məhkəmənin təsdiqlədiyi görüş vaxtlarında ünsiyyət saxlaya biləcək.
İş üzrə növbəti məhkəmə iclası oktyabrın 16-na təyin olunub.

