Hollivudun tanınmış kinoprodüseri Harvi Vaynşteyn cinsi zorakılıq ittihamı üzrə 15 il müddətinə azadlıqdan məhrum edilib.
“The Guardian” nəşrinin məlumatına görə, məhkəmə Vaynşteyni 2006-cı ildə Manhettendəki mənzilində keçmiş köməkçisi Miriam Heyliyə qarşı cinsi zorakılıq törətməkdə təqsirli bilib.
Bir ildən artıq davam edən məhkəmə prosesində prodüser əməlindən peşman olduğunu bildirib.
Miriam Heyli isə məhkəmədə verdiyi ifadədə son yeddi il ərzində təzyiq və alçaldılmalara məruz qaldığını açıqlayıb. O, Vaynşteynin, vəkillərinin və bəzi podkast aparıcılarının onun nüfuzuna xələl gətirməyə çalışdıqlarını iddia edib.
Məhkəmə Vaynşteyni Heyliyə qarşı cinsi zorakılıqda təqsirli bilsə də, ayrıca zorlama ittihamı üzrə yekun qərar qəbul edilməyib. Bundan sonra prokurorluq həmin ittihamdan imtina edib.
Xatırladaq ki, 2017-ci ildə 80-dən çox qadın, o cümlədən məşhur aktrisalar Vaynşteyni cinsi zorakılıqda ittiham etmişdilər.
2020-ci ildə 23 il həbs cəzasına məhkum edilən prodüserin hökmü dörd il sonra məhkəmə prosesində yol verilmiş pozuntular səbəbindən ləğv olunub.
Bununla belə, Vaynşteyn Los-Ancelesdə bir aktrisaya qarşı zorlama işi üzrə daha əvvəl 16 il həbs cəzası aldığı üçün azadlığa buraxılmayıb.

