ABŞ-ın Florida ştatında 37 yaşlı qadın azyaşlı oğluna qarşı zorakılıq etməkdə ittiham edilərək saxlanılıb. Hadisə ev işləri ilə bağlı yaranan mübahisə zamanı baş verib. Bu barədə New York Post yazır.
Məlumata görə, Mariya Karla Rodriqes axşam saat 21:20 radələrində oğlunu oyadaraq onun gündəlik ev tapşırıqlarını yerinə yetirmədiyini görüb. Qadın yeniyetməni mətbəxə göndərərək qabları yumağı tapşırıb.
Polisin açıqlamasında bildirilir ki, oğlan qab yuyarkən çəngəli yerə salıb. Bundan sonra ana çəngəli götürərək onu oğlunun istiqamətinə atıb. İstintaqın versiyasına görə, Rodriqes daha sonra süpürgə ilə oğlunun bədəninə zərbələr endirib.
Hadisə nəticəsində yeniyetmənin qollarında və sinə nahiyəsində göyərmələr aşkarlanıb.
Bununla da zorakılıq bitməyib. Qadın uşağı hamam otağına göndərərək tualeti təmizləməyi tapşırıb və orada onun üzərinə təmizləyici kimyəvi maddə səpib. Nəticədə uşağın gözlərində qızartı və şişkinlik yaranıb.
Saxlanıldıqdan sonra Rodriqes ittihamları rədd edərək bildirib ki, onunla oğlu arasında yalnız şifahi mübahisə olub. O, uşağın bədənindəki xəsarətlərin necə yarandığını bilmədiyini iddia edib.
Qadına qarşı silahdan istifadə etməklə ağır hücum və ağır bədən xəsarəti yetirmə maddələri ilə ittiham irəli sürülüb. O, hazırda zaminə buraxılma imkanı olmaqla həbsdə saxlanılır.

