Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümündən sonra ilk dəfə açıqlama verib.
BBC-nin məlumatına görə, Krouford sosial şəbəkədə oğlunun ağ-qara fotosunu paylaşaraq ailəsinin dərin kədər içində olduğunu bildirib.
“O, sevən və sevilən gözəl, saf ruh idi. İndi də, əbədi olaraq da seviləcək. Preslinin 27 il həyatımızda olması bizim üçün böyük xoşbəxtlik idi”, – deyə model yazıb.
Presli Gerber sentyabrın 20-də Kaliforniyadakı reabilitasiya mərkəzində həyatını itirib. Polis onun ölümünü mümkün narkotik maddə dozasının aşılması faktı kimi araşdırır. Ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib.

Məşhur model paylaşımını bu sözlərlə tamamlayıb:
“Yenidən görüşənədək, əziz oğlumuz. Səni əbədi sevəcəyik. Anan, atan və Kaya”.
Preslinin bacısı, model Kaya Gerber də qardaşının xatirəsinə uşaqlıq görüntülərini paylaşaraq “Səni görə bilməyəndə belə sevməyi öyrənirəm” sözlərini yazıb.
Qeyd edək ki, Presli Gerber də anası və bacısı kimi modellik fəaliyyəti ilə məşğul olub. O, ilk dəfə 16 yaşında “Moschino” brendinin nümayişində podiuma çıxıb.

