Abşeron rayonu gündən-günə gözəlləşir və abadlaşır. Rayonun kənd və qəsəbələrində sosial infrastrukturun yenidən qurulması üçün bir sıra layihələr həyata keçirilir. Rayonun inkişaf edən və abadlaşan qəsəbələri sırasında Aşağı Güzdək qəsəbəsi xüsusi yer tutur.
Rayonun bütün qəsəbə və kəndlərində olduğu kimi Aşağı Güzdək qəsəbəsinə də yeni yollar çəkilir, daxili yollar və küçələr əsaslı təmir olunur, səkilərə bordyurlar düzülür, işıqlandırma sistemi təzələnir, yeni parklar və bağçalar salınır, eləcə də şəhidlərin əziz xatirəsini əbədiləşdirmək üçün bulaqlar və abidə kompleksləri yaradılır. Bütün görülən işlər Aşağı Güzdək sakinləri tərəfindən böyük sevinclə və alqışla qarşılanır.
Qeyd etmək lazımdır ki, Abşeron rayon İcra Hakimiyyəti rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq Aşağı Güzdək bələdiyyəsi tərəfindən qəsəbədə son 6 ay ərzində xeyli işlər görülüb. Bələdiyyə sədri Seymur İmanverdiyev bildirib ki, son aylar ərzində qəsəbənin bir sıra küçələrinə kərpic və çınqıl qırıntısı tökülüb, Eltun İsgəndərov küçəsində yolun asvaltlanması işləri həyata keçirilib. Bundan başqa, qəsəbənin Həzi Cavadov və İntiqam Dadaşov küçələrində işıqlandırma işləri aparılıb. Son 6 ay ərzində 500 maşın məişət tullantısının daşınması işləri görülüb ki, bu da qəsəbənin təmizliyinə xidmət edir. Eləcə də qəsəbədə dekoratik ağac və gül kollarının əkilməsi, yaşıllıqların salınması işləri həyata keçirilib.
Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi, Aşağı Güzdəkdə də şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına böyük diqqət və qayğı göstərilir. Şəhid bulaqları və abidələri salınır, onların ailə üzvləri daim diqqət mərkəzində saxlanılır, bayram sovqatları və digər yardımlar edilir. Bütün bunlar isə şəhid ailələri üçün bir təskinlik rolunu oynayır.
Bir sözlə, Abşeronun inkişafı onun bütün kənd və qəsəbələrində özünün göstərir. Bu inkişaf kökündə isə ölkə başçısının tapşırıqlarının rayon rəhbərliyi tərəfindən uğurla icra edilməsi dayanır.