Azərbaycanda vətəndaşlara, o cümlədən müxtəlif dövlət vəzifəli şəxslərinin ailə üzvlərinə qarşı genişmiqyaslı kiberdələduzluq cəhdləri müşahidə olunur.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb.
Bildirilib ki, dələduzlar müasir informasiya texnologiyalarından və sosial mühəndislik üsullarından istifadə edərək vətəndaşları aldatmağa və onların pul vəsaitlərini ələ keçirməyə çalışırlar.
Cinayətkarlar bu məqsədlə telefon nömrələrinin saxtalaşdırılması, psixoloji təzyiq, “WhatsApp” üzərindən zəng və mesajlar, eləcə də süni intellekt vasitəsilə insan səslərinin təqlid edilməsi kimi üsullardan istifadə edirlər.
Məlumata görə, dələduzlar əsasən telefon zəngləri və “WhatsApp” vasitəsilə özlərini dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edirlər.
Onlar vətəndaşlara yaxınlarının guya təcili yardıma ehtiyacı olduğunu bildirərək qorxu və təşviş yaratmağa çalışırlar. Daha sonra psixoloji manipulyasiya və fişinq keçidləri vasitəsilə şəxsi məlumatları və bank kartlarına aid informasiyaları ələ keçirməyə cəhd göstərirlər.
Agentlik vətəndaşları belə hallarla qarşılaşdıqda diqqətli olmağa çağırıb və aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib:
-
Şübhəli zəng və mesajlar zamanı təşvişə düşməyin, tələsik qərarlar qəbul etməyin.
-
Dövlət qurumlarının adından edilən şübhəli zəngləri dərhal dayandırın və məlumatı rəsmi mənbələr vasitəsilə yoxlayın.
-
Bank kartlarının məlumatlarını, ikimərhələli autentifikasiya (2FA) kodlarını və SMS təsdiqləmə kodlarını heç kimə verməyin.
“Ailənizin yaşlı üzvləri ilə söhbət apararaq onları kiberdələduzluq sxemləri və sosial mühəndislik üsulları barədə ətraflı məlumatlandırın”, – deyə Milli Kibertəhlükəsizlik Agentliyinin müraciətində vurğulanıb.

