Yeni il ərəfəsində Telegram istifadəçilərinin hesablarını ələ keçirmək məqsədilə yeni dələduzluq sxemləri aktiv şəkildə tətbiq olunur.
Bu barədə TASS araşdırma nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, dələduzlar rusiyalı istifadəçiləri “ən aktiv istifadəçilər üçün mükafatlar” və messencerdən guya təqdim olunan saxta “advent-kalendarlar” vasitəsilə tora salırlar.
Cinayətkarlar bu məqsədlə özlərini rəsmi xidmət kimi təqdim edən fişinq saytlar və botlar yaradırlar. Sxem istifadəçilərin şəxsi statistikalara marağı üzərində qurulub. Dələduzlar TikTok platformasında videolar paylaşaraq belə “statistika”nı reklam edir, keçidləri isə profil bölməsində yerləşdirirlər. Bu keçidlər ya Telegram adı altında fişinq saytlarına, ya da zərərli botlara yönləndirir.
Analitiklərin bildirdiyinə görə, bu cür sayt və botlar adətən “Sənin 2025 nəticələrin”, “İlin yekunları”, “Sənin 2025” kimi adlarla təqdim olunur.
Botlar və saytlar əvvəlcə istifadəçidən giriş məlumatlarını, daha sonra isə “təsdiq kodunu” tələb edir. Əslində isə bu kod hesaba tam giriş imkanı verən təhlükəsizlik kodudur.
Dələduzların istifadə etdiyi ikinci geniş yayılmış üsul guya Telegram-dan “advent-kalendar” hədiyyəsi vədidir. Bu halda da istifadəçi bota yönləndirilir, şəxsi məlumatlarını daxil etməsi və “hədiyyənin tərkibini” seçməsi istənilir. “Ödəniş” kimi bot onlarla kanala abunə olmağı tələb edir. Həmin kanalların sonradan digər fırıldaq sxemlərində istifadə oluna biləcəyi ehtimal edilir.

