Dələduzlar getdikcə daha çox insanlara bank əməkdaşı kimi təqdim olunaraq zəng edir. İqtisad üzrə fəlsəfə doktoru Oleg Abelev “Prime” nəşrinə açıqlamasında belə hallarda necə davranmalı olduğunuzu izah edib.
Ekspertin sözlərinə görə, ilk növbədə danışığı dərhal dayandırmaq lazımdır. Çünki kiberdələduzlar tez-tez psixoloji təzyiq üsullarından istifadə edərək insanın tənqidi düşünmə qabiliyyətini zəiflədir.
İkinci vacib addım — bankla yalnız rəsmi nömrə vasitəsilə özünüz əlaqə saxlamaqdır. Heç vaxt zəng edən şəxsin diktə etdiyi nömrəyə geri zəng etməyin.
“SMS-lə gələn kodları və kart məlumatlarını — tam nömrəni, CVV kodunu, şifrələri və şəxsi kabinetə giriş məlumatlarını heç kimlə paylaşmayın. Həqiqi bank əməkdaşı bu məlumatları istəmir.”
Bundan əlavə, məlumatları bankın mobil tətbiqi vasitəsilə yoxlamaq, tanımadığınız şəxslərin göstərişlərinə əməl etməmək və şübhəli tətbiqlər yükləməmək tövsiyə olunur.
Həmçinin yaxınlarınızla məsləhətləşməkdən çəkinməyin. Dələduzlar çox vaxt “heç kimə demə” deyə təkid edir — bu isə fırıldağın ən açıq əlamətlərindən biridir.

