Luvrdan oğurlanan zinət əşyalarının bir hissəsini cinayətkarlar darknet vasitəsilə İsrailin “CGI Group” mühafizə şirkətinə satmağa cəhd ediblər. Bu barədə Bild nəşri şirkətin rəhbəri Tsviq Naveyə istinadən xəbər verib.
Onun sözlərinə görə, CGI oğruların və oğurlanan əşyaların axtarışı üçün işə götürülüb.
Oğurluqdan cəmi beş gün sonra, şirkətin nümayəndələri ilə bir nəfər əlaqə saxlayaraq zinət əşyalarının bir hissəsini gizli onlayn platformalarda satmaq barədə danışıq aparmağı təklif edib.
CGI-nin mütəxəssisləri həmin şəxslə əlaqə yaradaraq onun həqiqətən oğurlanmış bəzəklərin bir hissəsinə sahib olduğunu təsdiqləyiblər.
“Biz dərhal bu barədə Paris hakimiyyətinə məlumat verdik. Təəssüf ki, bürokratik gecikmələr səbəbindən sənət əsərlərinin heç olmasa bir qismini qaytarmaq imkanı itirildi,” — deyə Nave bildirib.
Bundan əvvəl The Wall Street Journal yazmışdı ki, cinayətkarlar bir sıra səhvlər buraxıblar, bu da istintaqa üç şübhəli şəxsi müəyyənləşdirməyə imkan verib.
Xatırladaq ki, oktyabrın 19-da dörd nəfər Luvrdan III Napoleon və imperatriça Yevgeniyaya aid kolleksiyadan doqquz zinət əşyası oğurlayıb.
Ümumi zərərin məbləği təxminən 88 milyon avro dəyərində qiymətləndirilir.

