Fransanın “Liberation” qəzeti yazır ki, 19 oktyabrda qarət edilən Luvr muzeyinin təhlükəsizlik sistemi illərdir ciddi problemlərlə üz-üzədir.
Jurnalistlərin əldə etdiyi məxfi sənədlərə əsasən, 2014-cü ildə Fransanın Milli Kibertəhlükəsizlik Agentliyi (ANSSI) muzeyin sistemini yoxlayarkən son dərəcə sadə parolların istifadə olunduğunu müəyyənləşdirib. Məsələn, videomüşahidə sisteminə giriş parolu “LOUVRE”, Thales proqramına isə “THALES” idi.
Bundan başqa, ANSSI qeyd edib ki, muzeydə köhnəlmiş proqram təminatı — “Windows 2000” sistemi ilə işləyən kompüterlərdən istifadə olunurdu. 2014-cü ildən sonra bu sahədə yenilənmə aparılıb-aparılmadığı məlum deyil.
Fransanın mədəniyyət naziri Raşida Dati bildirib ki, Luvrun direktoru hələ 2021-ci ildə hökumətdən muzeyin mühafizəsini gücləndirməyi xahiş edib. Onun sözlərinə görə, ziyarətçi çoxluğu və işçi çatışmazlığı təhlükəsizliyi təmin etməyi çətinləşdirirdi.
Xatırladaq ki, Luvrda 19 oktyabrda baş verən oğurluq zamanı cinayətkarlar cəmi yeddi dəqiqəyə 88 milyon avro dəyərində zinət əşyalarını aparıblar.

