ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff HƏMAS-ın baş danışıqlarçısı Xəlil əl-Xayə ilə görüş keçirməyi planlaşdırır. Bu barədə New York Times qəzetinə mənbələr məlumat verib. Jurnalistlər qeyd ediblər ki, tədbir ABŞ prezidenti Donald Tramp administrasiyasının Fələstin hərəkatı ilə birbaşa əlaqə kanalını qorumaqda maraqlı olduğuna dair siqnal kimi nəzərdə tutulub.
Bununla belə, görüşün hələ təsdiqlənmiş tarixi yoxdur və dəyişdirilə bilər. Məlumatçıların sözlərinə görə, Uitkoff əl-Xayə ilə Qəzza zolağında atəşkəsin qorunması məsələsini müzakirə etməyi planlaşdırır. Materialda xatırladılıb ki, oktyabr ayında İsrail və HƏMAS saxlanılan şəxslərin dəyişdirilməsi və atəşkəs barədə razılaşma imzalamışdı və bu razılaşma, ayrı-ayrı zorakılıq hallarına baxmayaraq, hələ də qüvvədədir.

