Qəzza sektorunda girovların azad edilməsi ilə bağlı razılaşma ABŞ prezidenti Donald Trampın köməyi olmadan mümkün olmazdı.
DenMedia.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hökumətin HƏMAS hərəkatı ilə əldə olunan razılaşmanı təsdiqləmək üçün keçirilən iclasında bəyan edib.
İclasda ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident administrasiyasının nümayəndəsi Cared Kuşner də iştirak ediblər. Hər iki diplomat Tramp administrasiyası adından saziş üzərində işləyiblər.
“Biz bu razılaşmaya prezident Tramp və onun komandası – Stiv Uitkoff və Cared Kuşnerin misilsiz köməyi olmadan nail ola bilməzdik,” – deyə Netanyahu vurğulayıb.
O qeyd edib ki, hərbi və diplomatik təzyiqlərin birgə tətbiqi danışıqlarda irəliləyişə səbəb olub.
Cared Kuşner öz növbəsində İsrail Müdafiə Ordusunun əsgərlərinin qəhrəmanlığını qeyd edib və onların bir neçə cəbhədəki fəaliyyəti sayəsində danışıqların uğurla nəticələndiyini bildirib.
Stiv Uitkoff isə Netanyahunun mürəkkəb qərarlar qəbul etməkdəki rolunu xüsusi vurğulayıb və bu qərarların razılaşmanın imzalanmasına gətirib çıxardığını etiraf edib.
Razılaşmanın birinci mərhələsi İsrail girovlarının azad edilməsini, əvəzində İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını və fələstinli məhbusların azad olunmasını nəzərdə tutur.
Mütəxəssislər hesab edirlər ki, bu saziş uzunmüddətli münaqişənin həlli istiqamətində mühüm addım ola bilər.