ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın BBC korporasiyasına qarşı 5 milyard dollar məbləğində böhtan iddiası qaldırıb. Bu barədə CNBC telekanalı məlumat yayıb.
İddia ərizəsində Britaniya korporasiyası 2024-cü il seçkilərinə bir həftə qalmış yayımlanan sənədli filmdə Tramp haqqında
“yalan, nüfuzdan salan, çaşdırıcı, alçaldıcı, təhrikedici və qərəzli obraz” yaratmaqda ittiham olunur.
Sənəddə bildirilir ki, film “prezident Trampın zərərinə seçkilərin nəticəsinə müdaxilə etmək və təsir göstərmək məqsədi daşıyan açıq cəhd” çərçivəsində hazırlanıb. Film elə montaj edilib ki, 2021-ci il yanvarın 6-da Ağ Ev qarşısında etdiyi çıxış zamanı Trampın tərəfdarlarını ABŞ Kapitoliyasına hücuma çağırdığı təəssüratı yaradılsın, halbuki həmin vaxt qanunvericilər Co Baydenin seçki qələbəsini təsdiqləyirdilər.
İddia sənədində vurğulanır ki, bu film
“BBC-nin Trampın çıxışlarını manipulyasiya etmək, onun demədiyi zorakılıq çağırışlarını uydurmaq və onu nüfuzdan salmaq məqsədilə məzmunu bilərəkdən yanlış təqdim etmək üzrə uzunmüddətli praktikasının tərkib hissəsidir”.
Qeyd olunur ki, Trampın sözlərinin təhrif edilməsi ilə bağlı qalmaqaldan sonra BBC-nin baş direktoru Tim Devi və korporasiyanın icraçı direktoru Debora Törness bu ilin noyabr ayında istefa verdiklərini elan ediblər.

