Kardioloq Italo Menezes Ferreira xəbərdarlıq edib ki, Yeni il ərəfəsində güclü stress ciddi sağlamlıq problemlərinə yol aça bilər. O, bununla bağlı Terra nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, xroniki stress orqanizmdə adrenalin və kortizol kimi hormonların uzun müddət yüksək səviyyədə ifrazına səbəb olur. Bu isə qan təzyiqinin yüksəlməsi, ürək döyüntüsünün sürətlənməsi və arteriyalarda lövhəciklərin formalaşmasında rol oynayan iltihabi proseslərin güclənməsi ilə nəticələnir.
“Xroniki stress adrenalin və kortizolun davamlı ifrazına gətirib çıxarır. Bu hormonlar qan təzyiqini artırır, ürək döyüntüsünü sürətləndirir və damarların zədələnməsinə səbəb olan iltihabi mexanizmləri aktivləşdirir”, — deyə Italo Menezes Ferreira bildirib.
Mütəxəssis vurğulayıb ki, ürək-damar xəstəlikləri olan şəxslər xüsusi risk qrupuna daxildir. Onun sözlərinə görə, mövcud problemlərin stresslə birləşməsi infarkt və ya insult riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Bu səbəbdən kardioloq ailə anamnezində ürək-damar xəstəlikləri olanlara, eləcə də hipertoniya, şəkərli diabet və ya yüksək xolesterin diaqnozu qoyulmuş şəxslərə aşağıdakı əlamətləri görməzdən gəlməməyi tövsiyə edib:
daimi əsəbilik, həddindən artıq yorğunluq, yuxusuzluq, ürək döyüntüsünün tezləşməsi və döş qəfəsində ağrılar.
Ferreyranın sözlərinə görə, bayram ərəfəsində sağlamlığı qorumağın əsas yolu stressi vaxtında azaltmaq, istirahətə və yuxuya diqqət yetirmək, şübhəli simptomlar zamanı isə mütəxəssisə müraciət etməkdir.

