Fransız KİV-ləri ABŞ Prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutmuş telefon danışığının səs yazısını yayımlayıb. Bu barədə France TV məlumat verib.
Məlumata görə, söhbət Fransa Prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Fridrix Merts, Polşanın baş naziri Donald Tusk və Böyük Britaniyanın baş naziri Kir Starmerin Kiyevə səfər etdiyi gün baş verib. Danışıqlar 2025-ci il mayın 10-da aparılıb. Həmin vaxt Zelenski, Makron və digər Aİ liderləri Rusiya Prezidenti Vladimir Putinə 30 günlük atəşkəsə razılıq verməsi üçün ultimatum irəli sürmək niyyətində olublar.
Yayımlanan görüntülərdə Fransa prezidenti Ağ Evin rəhbərinə zəng edərək erkən zəngə görə üzr istəyir. Ardınca Makron Ukrayna Prezidenti, Böyük Britaniyanın baş naziri və Almaniya kansleri ilə birgə telefon danışığı təşkil etməyi təklif edir. Buna cavab olaraq ABŞ prezidenti nə baş verdiyini dəqiqləşdirir. Makron isə Zelenskinin Ağ Ev tərəfindən təklif olunan 30 günlük atəşkəsə razılaşdığını izah edir.

