Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Rusiya İrana ABŞ hədəflərinə qarşı zərbələr üçün kəşfiyyat məlumatları ötürür. Bu barədə Politico-ya istinadən məlumat verilib.
Diplomatın sözlərinə görə, söhbət təkcə informasiya dəstəyindən deyil, həm də birbaşa hərbi yardımdan gedir.
“Rusiya İrana kəşfiyyat məlumatları verir ki, amerikalılara zərbələr endirilsin.”
Kallas əlavə edib ki, Moskva həmçinin Tehrana zərbə dronları təqdim edir, bu isə regionda təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərir.
“İran bu dronlardan həm qonşu ölkələrə, həm də ABŞ hərbi bazalarına qarşı istifadə edir.”
Məlumata görə, ABŞ və İsrailin İrana qarşı başladığı hücumlardan sonra artıq 13 amerikalı hərbçi həyatını itirib.
Kallas vurğulayıb ki, Moskva ilə Tehran arasında bu əməkdaşlıq qlobal təhlükə kontekstini genişləndirir və Kremlə qarşı təzyiqlərin davam etdirilməsini zəruri edir.
Onun fikrincə, Yaxın Şərqdəki hadisələr və Ukraynadakı müharibə bir-biri ilə əlaqəlidir.

