Livanın şiə hərəkatı “Hizbullah” Livan ilə İsrail arasında birbaşa danışıqlara qarşı çıxır. Bu barədə təşkilatın siyasi şurası sədrinin müavini Mahmud Komati RIA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Livanda əldə olunan atəşkəs İranın rolu sayəsində mümkün olub. Komati qeyd edib ki, “Hizbullah” İsraillə danışıqlardan Livan üçün müsbət nəticə gözləmir.
“Biz Livan ilə İsrail düşməni arasında birbaşa danışıqları qəti şəkildə rədd edirik və bunu qəbul etmirik”
— deyə o vurğulayıb.
Hərəkat nümayəndəsi əlavə edib ki, məhz İranın sərt mövqeyi ABŞ və İsraili Livanda atəşkəslə bağlı danışıqlara razı salıb. Onun sözlərinə görə, Vaşinqton və Təl-Əviv bu prosesi öz təşəbbüsləri kimi təqdim etməyə çalışır.

