İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yair Netanyahunun rəsmi adını “Yonatan Hon” olaraq dəyişdirdiyi məlum olub.
İsrailin aparıcı nəşrlərindən olan “Haaretz”in məlumatına görə, ad dəyişikliyi rəsmi vergi sənədlərində üzə çıxıb.
Bildirilir ki, Yair Netanyahu son il yarım ərzində adını dəyişib. 2026-cı ilə aid vergi sənədlərində eyni şəxsiyyət nömrəsi və eyni ünvanla onun adı artıq “Yonatan Hon” kimi göstərilib. Ad dəyişikliyinin səbəbi ilə bağlı isə rəsmi açıqlama verilməyib.
Yeni adın birinci hissəsi olan “Yonatan”ın 1976-cı ildə Entebbe əməliyyatı zamanı həlak olmuş əmisi Yonatan “Yoni” Netanyahunun xatirəsinə seçildiyi bildirilir.
“Hon” soyadının isə Yairin anası Sara Netanyahunun ata tərəfinin keçmişdə istifadə etdiyi ailə soyadından götürüldüyü qeyd olunur. Sara Netanyahunun atası Şmuel Ben-Artsinin ailəsi əvvəllər bu soyadı daşıyıb.
1991-ci ildə Benyamin və Sara Netanyahu ailəsində dünyaya gələn Yair Netanyahunun ad dəyişikliyi ailənin soyadını dəyişmə tarixini də yenidən gündəmə gətirib.
“Haaretz” yazır ki, Baş nazir Benyamin Netanyahunun atası, tarixçi Benzion Netanyahu ailənin Polşa mənşəli “Mileykovski” soyadını 1920-ci illərdə ivrit dilindəki “Netanyahu” soyadı ilə əvəz edib. Bu addım həmin dövrdə bir çox yəhudi mühacir ailəsinin soyadlarını ivritləşdirməsi prosesinin bir hissəsi kimi qiymətləndirilir.

Netanyahunun digər oğlu Avner Netanyahu da daha əvvəl fərqli addan istifadə edib. Onun Böyük Britaniyada təhsil aldığı və daşınmaz əmlak aldığı dövrdə rəsmi sənədlərdə “Avi Avner Segal” adından istifadə etdiyi üzə çıxmışdı. Avner Netanyahu sonradan bunun təhlükəsizlik məqsədilə edildiyini bildirmişdi.
İsrail qanunvericiliyinə əsasən, rəsmi ad dəyişikliyindən sonra həmin şəxsin adını yenidən dəyişməsi üçün yeddi il gözləməsi tələb olunur.

