ABŞ ordusu İranın cənub sahillərində yerləşən bir sıra şəhərlərə genişmiqyaslı hava zərbələri endirib.
Xüsusilə strateji əhəmiyyət daşıyan Bəndər-Abbas və Sirik şəhərlərinin yaxınlığında güclü partlayışların baş verdiyi bildirilib. Hücumlar nəticəsində ölən və yaralananların olduğu qeyd edilir.
İran cavab zərbələrinə başladı
ABŞ rəhbərliyi əməliyyatın Hörmüz boğazında gəmi hərəkətinin təhlükəsizliyini qorumaq məqsədi daşıdığını açıqlayıb.
İran tərəfi isə infrastruktur obyektlərinə də ziyan dəydiyini bildirərək ballistik raketlərlə cavab hücumlarına başladığını bəyan edib.
CENTCOM açıqlama yaydı
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı — CENTCOM-un açıqlamasında bildirilib:
“Dünən ABŞ-nin vaxtı ilə saat 17:00-dan etibarən CENTCOM qüvvələri İrana qarşı əlavə zərbələr endirməyə başlayıb. Hücumların məqsədi İranın mülki dənizçilərə və Fars körfəzindən sərbəst keçən ticarət gəmilərinə hücum imkanlarını zəiflətməkdir. Baş komandan İran qüvvələrinin məsuliyyətə cəlb edilməsi üçün bu zərbələrə göstəriş verib.”
Körfəz ölkələrinə raket və PUA hücumları
Küveyt, Bəhreyn, İordaniya, Qətər, Oman və Birləşmiş Ərəb Əmirlikləri İranın onların ərazilərinə raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıblar.
İranın son cavab hücumlarından biri zamanı Küveytin ərazi sularında Küveyt Neft Şirkətinə məxsus dəniz qazma platforması PUA ilə vurulub.
Hücum nəticəsində platformaya maddi ziyan dəyib, əməkdaşlardan biri yaralanıb.

