ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlamasından sonra Yaxın Şərqi tərk edən amerikalı diplomatlar regiondakı səfirliklərə geri qayıtmağa başlayıblar.
Associated Press (AP) agentliyinin məlumatına görə, ABŞ Dövlət Departamenti bu həftə Yaxın Şərqdə çalışan əməkdaşlarının mövcudluğu ilə bağlı tətbiq edilən bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb.
Bununla belə, regiondakı ABŞ diplomatik nümayəndəliklərinin əksəriyyətinin hələlik tam heyətlə fəaliyyətə qayıtması nəzərdə tutulmur.
AP qeyd edir ki, diplomatların geri qaytarılması Vaşinqtonun İranla münaqişəyə yanaşmasının dəyişməsi demək deyil. Bu addım daha çox Dövlət Departamentinin diplomatların ezam olunduqları ölkələrdən kənarda keçirə biləcəkləri müddəti məhdudlaşdıran kadr siyasəti ilə əlaqələndirilir.
Daha əvvəl The New York Times ABŞ Dövlət Departamentinin daxili sənədlərinə istinadən Vaşinqtonun Yaxın Şərq ölkələrindəki səfirliklərə diplomatların geri qaytarılmasına hazırlaşdığını yazmışdı.

