İsrail hərbçiləri Qəzza sektorunda HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbərini saxlayıblar.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu təsdiqləyib.
Baş nazirin ofisinin məlumatına görə, HƏMAS rəsmisi Qəzzada evinin yaxınlığında saxlanılıb.
“Ümumi Təhlükəsizlik Xidmətini və İsrail Müdafiə Ordusunu bu gün Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının rəhbərinin evinin yaxınlığında saxlanılması ilə nəticələnən cəsarətli fəaliyyətlərinə görə təbrik edirəm”, – Netanyahu bildirib.
Bundan bir gün əvvəl İsrail ordusu qüvvələrinə qarşı təhdidləri zərərsizləşdirmək məqsədilə Qəzza sektorundakı obyektlərə bir sıra zərbələr endirdiyini bildirmişdi.
İsrail Müdafiə Ordusunun məlumatına görə, İsrail hərbçiləri arasında xəsarət alan olmayıb.
Bundan əvvəl Netanyahu Türkiyənin Suriyadakı hərbi mövcudluğunun İsrail üçün təhlükə yaradacağı təqdirdə buna imkan verilməyəcəyini bildirmişdi. O, İsrailin bu məsələdə mövqeyini Ankaraya artıq aydın şəkildə çatdırdığını vurğulamışdı.

