İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Qəzza sektorunda vəziyyətin normallaşdırılması planı ilə bağlı fikir ayrılığı yaşadığını açıqlayıb.
“Əl-Cəzirə”nin məlumatına görə, Netanyahu bildirib ki, Qəzzanın bərpası mərhələsinə keçməzdən əvvəl HƏMAS tam tərksilah edilməli və sektor demilitarizasiya olunmalıdır.
“Prezident Tramp ilə HƏMAS-la son razılaşma məsələsində fikir ayrılığım var və bunu gizlətmirəm. HƏMAS silahsızlaşdırılmalı, Qəzza sektoru isə demilitarizasiya edilməlidir. Yalnız bundan sonra bərpa mərhələsinə keçmək olar”, – deyə Netanyahu bildirib.
Qeyd olunur ki, İsrail Baş naziri bu açıqlamaları Qəzza üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenovla görüşündən sonra verib.
Bundan əvvəl The Times of Israel qəzeti mənbələrə istinadən yazmışdı ki, İsrail ordusu Qəzza sektorunda nəzarət etdiyi ərazini Fələstin hissəsindən ayıran “sarı xətt”dən qoşunlarını geri çəkməyi planlaşdırmır.

