Böyük Britaniyanın milli poçt xidməti Royal Mail 2027-ci ilin sonunadək 2 500-dək əməkdaşını ixtisar etməyi planlaşdırır.
Buna səbəb son illərdə məktub göndərişlərinə tələbatın kəskin azalmasıdır.
Yenidən təşkilatlanma əsasən Royal Mail-in baş ofisini və yardımçı funksiyalarda çalışan əməkdaşları əhatə edəcək. Poçtalyonlar, çeşidləmə işçiləri və sürücülərin ixtisarlardan təsirlənməyəcəyi bildirilir.
Şirkətdən qeyd olunub ki, dəyişikliklərin əsas məqsədi fəaliyyətin səmərəliliyini artırmaq və idarəetməni optimallaşdırmaqdır.
Royal Mail son dörd ildə təxminən 800 milyon funt sterlinq, yəni 1 milyard dollara yaxın zərər edib.
Bununla yanaşı, son 20 ildə Böyük Britaniyada məktub göndərişlərinin həcmi 70 faiz azalıb. Şirkət məhz bu kəskin geriləmə fonunda fəaliyyət modelini yenidən qurmağa hazırlaşır.

