ABŞ kəşfiyyat orqanları hesab edir ki, ABŞ Silahlı Qüvvələrinin İrana endirdiyi zərbələr Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib.
Den.az Globalinfo.az istinadən xəbər verir ki, bu barədə “CNN” öz mənbələrinə istinadən məlumat yayıb.
İlkin kəşfiyyat qiymətləndirməsinə əsasən, zərbələr İranın nüvə bombası əldə etməsini yalnız bir neçə ay gecikdirə bilər. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bu hesabat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən hücumdan sonra aparılan analizə əsaslanır.
Mənbələrin bildirdiyinə görə, İranda zənginləşdirilmiş uran ehtiyatları məhv edilməyib və sentrifuqaların əksəriyyəti də zədələnməyib.
“Kəşfiyyatın qənaətinə görə, bu hücumlar İranı maksimum bir neçə ay geri atıb”, – deyə “CNN”ə danışan rəsmi bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt isə bu qiymətləndirmənin tamamilə əsassız olduğunu deyib. O, “CNN”ə sızan bu sənədi “məxfi məlumatı yaymış uğursuz kəşfiyyatçı”nın işi adlandırıb və bu sızmanı ABŞ Prezidenti Donald Trampı gözdən salmaq cəhdi kimi qiymətləndirib.
Xatırladaq ki, İsrail iyunun 13-ü gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. İyunun 22-si gecəsi ABŞ bu münaqişəyə qoşularaq İranın üç nüvə obyektinə (Fordo, Natanz və İsfahan) hava zərbələri endirib.