İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin hücumu nəticəsində öldürüldükdən sonra onun şəxsiyyəti üzüyünə görə müəyyən edilib.
Məlumata görə, yayılan fotolarda Laricaninin evinin dağıntıları altında qaldığı görünür.
İran rəsmiləri Laricaninin oğlu Morteza, köməkçisi Alireza Beyat, şura əməkdaşları və bir neçə mühafizəçi ilə birlikdə öldüyünü açıqlayıb.
İran dövlət televiziyası Laricaninin ofisinin bəyanatını yayımlayaraq onun səhər saatlarında hücum nəticəsində həyatını itirdiyini təsdiqləyib.
Eyni zamanda, İsrailin YNet nəşri Laricaniyə aid olduğu iddia edilən əl görüntüsünü yayımlayıb və üzük detalına diqqət çəkib. İsrail ordusu da onun məhz bu şəkildə tanındığını bildirib.

Hücumdan sonra Tehranın Pərdis rayonunda yerləşən Laricaninin evinin tamamilə dağıldığı görüntülər yayılıb.

İran general-mayoru Əmir Hatəmi isə bu hadisədən sonra “qətiyyətli qisas” veriləcəyini bəyan edib.
Əli Laricani kim idi

Əli Laricani 1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. O, İranın Amul şəhərindən olan nüfuzlu dini və siyasi ailəyə mənsub idi.
Atası Mirzə Haşim Amuli tanınmış din xadimi olub. Ailə 1931-ci ildə təqiblərə görə Nəcəfə köçsə də, 1961-ci ildə yenidən İrana qayıdıb.
Laricani Şərif Texnologiya Universitetində riyaziyyat və informatika üzrə bakalavr, daha sonra isə Qərb fəlsəfəsi, xüsusilə İmmanuel Kant üzrə doktorluq dərəcəsi alıb.
O, 1979-cu il İslam İnqilabından sonra İnqilab Keşikçiləri Korpusuna qoşulub, daha sonra dövlət idarəçiliyində müxtəlif vəzifələr tutub.
Laricani mədəniyyət naziri, daha sonra isə İran dövlət televiziyası və radiosunun rəhbəri (IRIB) olub.

2005-ci ildə o, Əli Milli Təhlükəsizlik Şurasının katibi və nüvə danışıqları üzrə baş nümayəndə təyin edilib. 2007-ci ildə bu vəzifədən ayrılıb.
2008-ci ildə parlamentə seçilən Laricani 2020-ci ilə qədər üç çağırış parlament sədri olub və 2015-ci il nüvə sazişinin təsdiqində mühüm rol oynayıb.
2020-ci ildən sonra o, Əli rəhbərin müşaviri təyin olunub. 2021 və 2024-cü illərdə prezidentliyə namizədliyi təsdiqlənməyib.
2025-ci ilin avqustunda isə yenidən Əli Milli Təhlükəsizlik Şurasının katibi təyin edilərək İranın xarici siyasətində əsas fiqurlardan birinə çevrilmişdi.

