Hörmüz boğazından Oman sahilləri boyunca keçən gəmilərin sayı minimum səviyyəyə düşüb. Buna səbəb həftəsonu bir neçə gəminin həmin ərazidə marşrutunu dəyişməsi olub.
Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, 3 və 4 iyulda Oman sahilləri boyunca Hörmüz boğazından keçən azı 8 gəmi qəfil kursunu dəyişib.
Onlardan 4-ü daha sonra geri dönərək boğazdan çıxıb və İran sahilləri boyunca hərəkət edən marşrutu seçib. Həmin gəmilər arasında neft tankerləri, quru yük gəmiləri və avtomobil daşıyan gəmilər olub.
Analitik şirkət Kplerin məlumatına görə, 4 iyulda boğazdan hər iki istiqamətdə 19 gəmi keçib. Lakin onlardan yalnız 1-i Oman marşrutu ilə hərəkət etdiyini bildirib. Bir gün əvvəl isə bu marşrutla 13 gəmi keçmişdi.
Baş verənlərlə bağlı rəsmi izahat verilməyib.
Bloomberg qeyd edir ki, Tehran daha əvvəl gəmilərin boğazdan yalnız İran tərəfindən təsdiqlənmiş marşrutlarla keçməli olduğunu bəyan etmişdi.

