ABŞ hərbçiləri Oman körfəzində mayeləşdirilmiş qaz daşıyan tankerə raket zərbəsi endiriblər. Gəminin dəniz blokadasını pozaraq İran qazını daşıdığı ehtimal edilib. İranın dövlət teleradio şirkətinin məlumatına görə, hücum nəticəsində ekipajın iki üzvü həlak olub.
Mənbənin məlumatına əsasən, cümə günü axşam Oman körfəzindən hərəkət edən gəmi iki raketlə vurulub. ABŞ tərəfi tankerin İrana qarşı tətbiq olunan blokada rejimini pozduğunu hesab edib.
Bildirilir ki, bu cür addımlar Tehranın mövqeyinin daha da sərtləşməsinə və yeni cavab tədbirlərinə səbəb ola bilər. Oman körfəzində vəziyyət kritik olaraq qalır.
ABŞ ilə İran arasında münaqişənin eskalasiyası iyulun 8-dən davam edir. Həmin gün memorandumun imzalanmasından sonra Vaşinqton İran ərazisinə zərbələri bərpa edib və Tehranı Hörmüz boğazında gəmiyə hücumda ittiham edib.
Donald Tramp atəşkəsin başa çatdığını elan edib. İran isə Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ obyektlərinə hücumlarla cavab verib. İyulun 14-də ABŞ İrana qarşı dəniz blokadasını yenidən tətbiq edib.

