ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazında gəmiçiliyin bərpası Vaşinqton üçün əsas prioritetlərdən biridir. Onun brifinqdə səsləndirdiyi fikirləri CNBC yayımlayıb.
Tramp eyni zamanda ABŞ-ın İranın mümkün blokadası qarşısında zəif vəziyyətdə olduğunu etiraf edib.
“Bu, çox böyük prioritetdir. Biz onları istədiyimiz kimi bombalaya bilərik, dağıdıcı zərbələr endirə bilərik. Amma boğazı bağlamaq üçün sadəcə bir dənə dəniz minasını suya atmaq kifayətdir”, — deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, boğazın minalanması gəmi sahibləri üçün ciddi narahatlıq yaradar. Tramp qeyd edib ki, bir gəminin dəyəri bir milyard dollara çata bilər.
Bu arada, bölgədə gərginliyə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərin sayı artıb. Son məlumatlara görə, 4 və 5 aprel tarixlərində boğazdan 21 gəmi keçib ki, bu da martdan bəri ən yüksək göstəricidir.
Məlumata əsasən, bu artım bir sıra ölkələrin İranla təhlükəsiz keçid razılaşmaları əldə etməsi ilə əlaqələndirilir. Bununla belə, münaqişədən əvvəl boğazdan gündəlik keçən gəmi sayı təxminən 135 idi.

