ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ardıcıl 11-ci zərbə seriyasının uğurla başa çatdığını açıqlayıb.
Məlumata görə, zərbələrin hədəfləri İranın hərbi əməliyyat mərkəzləri, hərbi-dəniz qüvvələri, aviasiya anqarları, pilotsuz uçuş aparatlarının anbarları və hərbi logistika infrastrukturu olub.
ABŞ tərəfi bildirib ki, İran son üç ay ərzində Hörmüz boğazından keçən 30-dan çox kommersiya gəmisinə hücum edib.
Gecə boyunca Tehranda hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilir. Buşehr vilayətinin qubernatorunun sözlərinə görə, vilayətin iki rayonu ABŞ-nin zərbələrinə məruz qalıb. İlkin məlumatlara əsasən, ölən və yaralanan olmayıb.
İranın cənubundakı Xuzistan vilayətinin, həmçinin Təbriz və Behbehan şəhərlərinin də zərbələrə məruz qaldığı qeyd olunur.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə Küveytdəki ABŞ-nin Əli əs-Salim hərbi bazasının radarlarına zərbələr endirildiyini və onların sıradan çıxarıldığını açıqlayıb.
Bundan əlavə, Küveytin Bubiyan adasındakı radiolokasiya kompleksinin də fəaliyyətsiz vəziyyətə gətirildiyi iddia olunur. Səudiyyə Ərəbistanı və İraq Kürdüstanındakı hərbi bazalarda da partlayşların baş verdiyi bildirilir.

